All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bir az rəngi solmuş,

Ayaz Arabaçı

Bir az rəngi solmuş, yaşıla çalan, Köhnə yun şalına bürünüb gedir. Yorğun ayaqları düşüb yanına, Boz küçə boyunca sürünüb gedir. Gedir dayanmadan göz işlədikcə, Gedir təngnəfəs,tənha və təkcə. Ürəyi dünyaya aşiyan qadın. Bir suyu anama oxşayan qadın.

Gedir adamları qoyub arxada, Söykənir arabir əl ağacına. Qəm-qüssə gətirən bu buz havada, Kimsə dərman olmaz ehtiyacına. Bağrımın başında yara,gedir o, Kimin anasıdı, hara gedir o.. Yaramı göynədib qaşıyan qadın, Bir suyu anama oxşayan qadın..

Necə sehirlənib qalarmış adam, İçim əsməmişdi belə,haçandı. Gedir bu dünyaya məhəl qoymadan, Gedişi üfüqdən o yanacandı. Eyninə almadan yağışı-qarı. Gedir bir əbədi sükuta sarı. Çiynində qəm yükü daşıyan qadın, Bir suyu anama oxşayan qadın.

Çağırdım dalınca səsim çatmadı, Son anda səsimin sınmışdı şaxı. O günəş könlümdə heç vaxt batmadı, Dedim birdən qəfil o olar axı. O olar çiskinli yağışlarıyla, O olar dumanlı baxışlarıyla. Ağrı-acısında yaşayan qadın. Bir suyu anama oxşayan qadın..

Sanki uzaqlardan səsləndi adım, Mənə elə gəldi bu onun səsi. Getdi yoxa çıxdı addımbaaddım, O yorğun qadının solğun kölgəsi. Könlümə təskinlik gətirdi bir az, Dərdimi-sərimi götürdü bir az. İsti xatirəmdə üşüyən qadın, Bir suyu anama oxşayan qadın...

Published online