Poem · Azərbaycan
Bir az gəzişirəm Çahargah üstə,
Bir az gəzişirəm Çahargah üstə, Bir az kövrəlirəm Şurda yazıram. Yaxşı çatmaq üçün Tanrıya səsim, Çıxıb Musa kimi Turda yazıram.
Məmnunam dədəmdən aldığım addan, Heç vaxt yıxılmadım mindiyim atdan, İşıq gözləmirəm bu qaramatdan, Oturub ilahi nurda yazıram..
Bir yanım pərvanə,bir tərəfim şəm, Sözün son qatına işlədi tişəm, Gedib o dünyanı görüb gəlmişəm, İsrafil nə çalıb surda,yazıram.
Kiminə balıqdı,kiminə yosun, Başqa nədə var ki,sözdəki ovsun, Fərqi yox,oxuyan kim olur-olsun, Qoyuna yazıram-qurda yazıram.
Bir əldə oyundu,bir əldə zərdi, Kimə anladasan bu qoca dərdi, Sinəmdə boğulan hönkürtülərdi, Mələr qoyduğumuz yurda yazıram.
Gəldi dərd adına nə ki "qrev"var.. Canını şüşədə gəzdirən dev var.. Şəhərdən uzaqda köhnə bir ev var, Bütün şeirləri burda yazıram.
Published online
Source: https://ayazarabaci.com/writing/bir-az-gezisirem-cahargah-uste/