All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Beş-on dənə çiyindi axırıncı nəqliyyat,

Ayaz Arabaçı

Beş-on dənə çiyindi axırıncı nəqliyyat, Gizlənməyin-qaçmağın heç bir üsulu yoxdu. Əkdiyi-becərdiyi ancaq elə ölümdü, Allahın yer üzündə başqa məhsulu yoxdu.

Yandı günəşə uçan taleyin qanadları, Gəldi bir haram tikə, pozdu bürün dadları, Kimsə hey körükləyir siçan boyda adları, Bu qədər ad içində yoxdu məhz, iri yoxdu.

Kim görüb ki, aşiqin başı ötüb xeyirdə, Eşq gözəldi, o da ki, filmlərdə-seyrdə, Zarıyan çox olsa da musiqidə, şeirdə, Ortada bir dənə də canlı əsiri yoxdu.

Divara çırpılırsan çaşıb yan götürəndə, Yadımdadı o vaxtlar məni qan götürəndə, Qızlar əzazil olur, imtahan götürəndə, Baxsın zaçotnikinə, kimin kəsiri yoxdu.?..

Dolanıram dilimdə Prometeyin odu, Açılıbdı əlimdə sonsuz göylərin kodu, Ömrüm yazı-pozuda nədisə, elə odu, Həyatımın elə də gizli bir sirri yoxdu.

Bir gün arzum tükəndi, bir gün niyyətim itdi, Vardı əldə balaca bir ümid yetim, itdi, Bu qara qovğalarda immunitetim itdi, İndi mənə heç nəyin müsbət təsiri yoxdu.

Dadıbdı bu dünyanın sevincindən, qəmindən, Zilə çox da çıxmayıb, tutub gedib bəmindən, Qızıl xırdalasa da məhəbbət aləmindən, Ayazın da bu işdə güclü təhsili yoxdu..

Published online