Poem · Azərbaycan
Balaca xudmani bir məclisdəydim,
Balaca xudmani bir məclisdəydim, Köhnə mahnılardan oxundu bir az. Səni xatırlatdı biri qəfildən, Saçların üzümə toxundu bir az.. Bir nəfər istədi yarıda kəssin, Dedim ki,dəyməyin,qoyun oxusun.. Sənin parfümünün ətri kimiydi, Gecəni bürüyən şərab qoxusu.. Yanımda olsaydın eh o gecənin, Tamam bir ayrı cür olardı dadı. Cin-də də Sim-də də nömrəni yığdım, Heyif,ki,heç biri açıq olmadı. Gördüm ki,çox şeylər unudulmayıb, Köhnə mahnılarda dadından qalıb. Hələ gözlərindən,dodaqlarından, Hələ ürəyimdə adından qalıb.. Bir arzu,bir istək tutub qolumdan, Sən olan küçəyə dikirdi məni. Üstə gün işığı min rəngə çalan, Bir isti bataqlıq çəkirdi məni. Bəlkə də birinci dəfəydi belə- Özümün-özümdən yetim qalmağım. Qısılıb siqaret közərtisinə, Ayrı bir şeyiydi sənə dalmağım. Sözlərlə heç cürə anlatılmayan, Qəlbimi bir şeylər dəlir kimiydi.. Zərif bir qumaşın xışıltısıtək, Səsin uzaqlardan gəlir kimiydi. Çıxdım uşaqlarla vidalaşmadan, Önümdə qapqara uzun bir gecə.. Dəli inək kimi addadım yolu, Az qaldı maşınlar üstümdən keçə.
Published online
Source: https://ayazarabaci.com/writing/balaca-xudmani-bir-meclisdeydim/