Poem · Azərbaycan
Bacarsan arada,özünü qına,
Bacarsan arada,özünü qına, Mənsiz yaşadığın illəri deyil.. Ən gözəl,ən isti sözləri sına, Day,qəlbim piano dilləri deyil.
Day qəlbim,piano dilləri deyil, Bir də o nəğməni ötməz heç zaman.. O ipək,o ürkək əllərin də bil, Yaramın üstünü örtməz heç zaman..
Bir vaxtlar çəmənli-çiçəkli idik, İndi iki gözün iki buluddu.. Nə olsun hamıdan ürəkli idik, Bizi də həsrətin timsahı uddu.
Hardadı bəs indi,o ləl,o gövhər, Min-min ad içində itibdi adın.. Yüz dəfə doluxsun,min dəfə kövrəl, Yoxdu o əvvəlki çiyələk dadın.
Mən indi heç kiməm,sən indi heç kim, Küləklər xətrini çətin qaytara.. Bir də o sevginin,bir də o eşqin, Rəngini,ətrini çətin qaytara.
Hayıf o,günlərdən,hayıf,çox hayıf, Dağıldı sarayı,uçdu hasarı. Qaytara biləcək heç nə qalmayıb, Məni sən olduğun keçmişə sarı.
Published online
Source: https://ayazarabaci.com/writing/bacarsan-arada-ozunu-qina/