All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Axır ki,vaxt tapıb görüşə bildik,

Ayaz Arabaçı

Axır ki,vaxt tapıb görüşə bildik,Bir günlük son qoyduq həsrətə,dərdə.Daha gəlməsən də,bircə görüşlə,Qaldın unudulmaz xatirələrdə.

Çox zaman alışıb sönür şam kimi,Hər istək bu boyda sevgiyə dönmür.Özün bilirsən ki,səndən uzaqda,Neynəsəm içimin vulkanı sönmür.

Aldada bilməzsən bircə gülüşlə,Könlüm hər telindən nəğmə istəyir.Dedin ürəyimdə qorxu hissi var,Amma ayaqlarım gəlmək istəyir...

Gəldin istədiyim zamanda gəldin,Durub da dayandın önümdə ciddi.Saçım saçlarına qarışdı birdən,Əlim əllərinin içində itdi..

Desəm inanmazsan,xəyallarımda,Səcdənə durmuşdum bəlkə min kərə.Qayğısız-hürküsüz girib qol-qola,Yüyürdük adamsız çimərliklərə..

Sahillər yaşıydı yanaqlarıntək,Dəniz kükrəyirdi göz yaşın kimi.Arada içimə qorxu da düşdü,Dalğalar hirsliydi qardaşın kimi.

Əllərin yaxamı vərəqlədikcə,Kəsildi nəfəsim,üzüldü tabım.Bəstələr süzüldü dodaqlarından,Doldu nəğmələrlə ömür kitabım.

Sən azca ağladın..mən azca çaşdım,Dedim ki,göz yaşın gümüşü zərdi.Sonra da elə bir an yaşadıq ki,Bütün yaşanılan ömrə dəyərdi.

Sonra sən başını sinəmə qoydun,Kipriyin sinəmi süngüləyirdi.Hirsi soyumuşdu dalğaların da,Dəniz asta- asta mürgüləyirdi.

Bir eşqin ən şirin hekayətini,Qızılı qumların üstünə yazdıq.Dünyanı o qədər unutmuşduq ki,Gələndə Pirşağı yolunda azdıq.

Vardı can istəyən başqaları da,Vardı,nə danım ki,mən səni seçdim.Vecimə deyildi yol polisləri,Yolları qırmızı işıqda keçdim...

Published online