All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Atlantida, hanı sənin dağların,

Ayaz Arabaçı

Atlantida, hanı sənin dağların, Hanı sənin gül-çiçəkli bağların. Çinar boylu oğulların hardadır, Nabatların, noğulların hardadır. İçimdəki vulkanlardan sovuşsam.. Nə yer bilər, nə göy bilər soruşsam. Xəbər varmı su üstəki qularda, Qərq olmuşam sən batdığın sularda. Uçan nəhəng əjdahalar yandımı, Qanlı sular qüdrətini dandımı.. Yox olubdu lal sükutda Poseydon, Milyon-milyon şübhələrə yoxdu son.. Nə var axı o suların dibində, Gizlənmisən okeanın cibində. Atlantida, hanı sənin çöllərin, Zümrüd gözlü bulaqların, göllərin. Qız birçəkli köhlən atlar hardadı, Dadlı-şirin xatiratlar hardadı.. Sönmək bilmir içimdəki vəlvələ, Baş vururam eramızdan əvvələ. Tarixinə uzandıqca sualım, Üzüb keçir okeanı xəyalım. Acıların-ağrıların ölkəsi, Ağ saqqallı Tanrıların ölkəsi. Bəlkə sənin çiynindədir kainat, Bəlkə sənsən bilinməyən o son qat.

Published online