Poem · Azərbaycan
Aramıza heç zaman "və" söhbəti düşməsin..
Aramıza heç zaman "və" söhbəti düşməsin.. Mənim xatirələrim "və"-dən olmaq istəmir. Sən bir az bu barədə başqa cür düşünürsən, Amma mən heç bilmirəm nədən olmaq istəmir.
İstədiyin mənzilə aparmaz səni hər at, Azmı şahid olmuşuq, bir köynəkdə iki yad, O qədər əzablara əyib ki, bizi həyat, Sözümüzün heç biri "ə"dən olmaq istəmir.
Dərdin özündən qabaq adına öyrəşirsən, Sanki bir sevmədiyin qadına öyrəşirsən, Elə ki, ruh olmağın dadına öyrəşirsən, Adam bir də qayıdıb bədən olmaq istəmir.
Körpə bir qaranquşun üstə göz olmaq yetər, Yanıqlı bir misrada yanıb köz olmaq yetər, Bu mənasız həyatda mənə, söz olmaq yetər, Yox, ürəyim nə torpaq, nə dən olmaq istəmir.
Çəkdiyi hər ağrını canımda səngidərəm, Gedəndə son mənzilə adımda sən gedərəm, Mən vətənin uğruna nəyə desən gedərəm, Vətən mənə sadəcə vətən olmaq istəmir.
Published online
Source: https://ayazarabaci.com/writing/aramiza-hec-zaman-ve-sohbeti-dusmesin/