Poem · Azərbaycan
Ağrı hər yöndədi,hər tərəfdədi,
Ağrı hər yöndədi,hər tərəfdədi, Əlli cür tətikdən can hədəfdədi, İniltim Allahın yanına çıxır, Soyuq bir otaqda düz bir həftədir, Dişimin ağrısı öldürür məni.
Süründüm hamıdan dalda,ölmədim, Qovğada ölmədim,qalda ölmədim, Sinəmdə 5 dənə güllə yeri var, Mən heç o,ən ağır halda ölmədim, Dişimin ağrısı öldürür məni.
Çəkib orağını qəm biçindədi, Dərdim Yəməndədi,dəvam Çindədi, "Xalxın" əzrayılı dağda-dərədə, Mənimki ağzımın düz içindədi, Dişimin ağrısı öldürür məni..
Ağrımaq mənimçün peşə kimidi, Canım daş əlində şüşə kimidi, Noolsun şəhərdə dostumun çoxu, Ən yaxşı,ən gözəl diş həkimidi, Dişimin ağrısı öldürür məni..
Elə bil başımı soxmuşam közə, Baxmayın dilimdə can verən sözə.. Ürəyə yığmışdım ağrı-acımı, Ayrı cür almışdım ölməyi gözə, Dişimin ağrısı öldürür məni..."
Published online
Source: https://ayazarabaci.com/writing/agri-her-yondedi-her-terefdedi/