Poem · Azərbaycan
Ağrılara, acılara yem oldu,
Ağrılara, acılara yem oldu, Mənim gözəl, mənim daddı ürəyim.. İndi soyuq yataqlarda sürünür, Bir zamanlar quş qanaddı ürəyim..
Qəfil oldu şana-şana deyirəm, Nəmər saldım toy-nişana deyirəm, Zəng eləyib soruşana deyirəm, Göyə çıxdı, yerə batdı ürəyim..
İynələdi neçə eşşəkarısı, Öləzidi lampasının sarısı, Dünən gecə saat üçün yarısı, Vida üçün imza atdı ürəyim
Görünür ki, daha zaman qalmayıb, Kəsilibdi haqdan aman qalmayıb, Atmadığım dava dərman qalmayıb, Həddindən çox narahatdı ürəyim.
Hər yanını, yörəsini toz basıb, Ceyran qaçan dərəsini toz basıb, Hər bəndini bərəsini toz basıb, Tərksilahdı, avtomatdı ürəyim.
Dərd dil açıb dindirib ki, dinmişəm, Qərib-qərib bir bucağa sinmişəm, İndiyəcən nəyi varsa minmişəm, Əldən düşmüş axsaq atdı ürəyim.
Min-min dərdin süfrəsində yeyildi, Neçə çılpaq həqiqətə geyildi, Mənim qəlbim bu şəkildə deyildi. İndi mənə tamam yaddı ürəyim.
Tutulubdu damarı da, gözü də, Qalmayıbdı deyiləcək sözü də, Bura qədər yaşamağın özü də Qanan üçün mükafatdı ürəyim..
Qəm ki, durdu kamanını çalmağa, Həvəs yoxdu beş gün artıq qalmağa, Gözlərinin acısını almağa, Bir də gördün qəfil yatdı ürəyim..
Published online
Source: https://ayazarabaci.com/writing/agrilara-acilara-yem-oldu/