Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Heç bilmirəm harda düşdü əlimdən,

Ayaz Arabaçı

Heç bilmirəm harda düşdü əlimdən, Tapammıram itiyini ömrümün. Palıdını,çinarını qurudub, Qoruyuram kötüyünü ömrümün.

Verib dərdnən-qəmnən kürək-ürəyə, Adam belə qıyardımı ürəyə, Sovururam əsib gedən küləyə, Əlimdəki köpüyünü ömrümün.

A ümidim,a pənahım,a çıram, Sabahımı harda gəldi açıram, Gah dərmana,gah iynəyə qaçıram, Yamayıram söküyünü ömrümün.

Nə saxladım ötən gündən tutiya, Hanı o yol,ayaqlarım şütüyə, Qabaqkıtək çəkəmmirəm ütüyə, Qırışını-büküyünü ömrümün.

Gözlərimi toranlayıb çən daha, At oynadır saçlarımda dən daha, Usanmışam götürmürəm mən daha, Nə səsini-nə küyünü ömrümün.

Varmı,gedim qəm olmayan pir yerə, Sərilibdi hünər adlı şir,yerə, Dəstələyib yığammıram bir yerə, Arısını-pətəyini ömrümün..

Bir gəmim var, yelkənim yox-dorum yox, Qızınmağa ocağım yox, qorum yox, Saxlamağa fərmanım yox, zorum yox, Necə tutum ətəyini ömrümün.

Saytda dərc olunub