Poem · Azərbaycan
Zəmisi göyərib sünbülü bitmir,
Zəmisi göyərib sünbülü bitmir, Ələyi ələnib bu şumun daha. Heç nəyə can atmır,heç kimə getmir, Ayağı qırılıb xoşumun daha..
Uşaqlar sağımı-solumu kəsir, Əlimi bağlayır,qolumu kəsir, Hərə bir fərmannan yolumu kəsir, Dəlləyi çoxalıb başımın daha.
Görüb çox alçağın hərəkətini, Tökdü abırından ürək ətini.. Kəsdi goreşənlər bərəkətini, Qaynamır qazanı aşımın daha.
Çaylara hönkürsün dərdimi sazlar, Köhnə yaraları qurdalamazlar, Qızlar söhbətini xırdalamazlar, Eh,mənim gözümün-qaşımın daha..
Bir az "al"çoxalıb,bir az "sat" artıb, Bir də ürəyimə düşən çat artıb, Adımın çəkisi ikiqat artıb, Daşı da ağırdı daşımın daha.
Yoxdu yox,sonadək büdrədi yoxdu.. O hansı sözdü ki,nüdrəti yoxdu.. Sanma qız qaytarmaq qüdrəti yoxdu , Başıma qaxdığın yaşımın daha..
Published online
Source: https://ayazarabaci.com/writing/zemisi-goyerib-sunbulu-bitmir/