Poem · Azərbaycan
Yorulmuşdu
Yorulmuşdu sərxoş damarlarıma qan daşımaqdan.. Ürəyim çıxmaq istəyirdi tətilə.. Keyimiş ayaqlarım üsyan eləyirdi altımdakı kətilə. Usanmışdım oturub uzaqlara baxmaqdan. 20 şeirlik siqaret çəkmişdim darıxmaqdan. Bir bayquş uladı payızdan üzü bəri.. Alnımda tumurcuqladı qəflətən əcəl təri. Uzun bir fikirə getdim, qoca bir xəyala daldım, Çöldə vurnuxub ölməyə can atan pərvanələri İçəri aldım. Sonra gəzişdim otaq boyu, o başa-bu başa. Bircə adamlıq teatr-bircə adamlıq tamaşa. Bir qadın axdı gecədən,gəlib dəydi pəncərəmə -Mən bir zamanlar çiçəkdim... Baxdım toz basmış güzgüyə Yaralı şəkillər çəkdim. Bir sönmüş papiros,bir yarımçıq qədəh, Bir uçuq divar.. Çəkdim gecə-gecə ağlımda nə var.. Sonra güzgüdən adlayıb içəri keçdim. Üzümü uçuq divara söykədim, Papirosu yandırdım, yarımçıq qədəhi götürüb içdim.
Published online
Source: https://ayazarabaci.com/writing/yorulmusdu/