Poem · Azərbaycan
Yorulanda dirəksən, yeriyəndə ayaqsan,
Yorulanda dirəksən, yeriyəndə ayaqsan, Ağlın heç böyüməyib körpə uşaq sayaqsan, Qəzəbli dalğaların üzündə bir mayaqsan, Dəniz demirəm sənə, qayıq demirəm sənə.
Yollar yaxın düşəndə gendən keçib gedirsən, Uzundan kəsib-töküb, endən keçib gedirsən, Hayana getsən yenə məndən keçib gedirsən, Elə ona görə də qayıt demirəm sənə.
Allahım kömək olsun səbirdən daşanlara, Mən necə yol göstərim, işıqdan çaşanlara, Bir topa ulduz kimi burax kəhkəşanlara, Arzuları sinəndə qarıt, demirəm, sənə.
Könül söhbəti ki var, xanım işdir, bəy işdir, Bu sənin əllərində olmayacaq nə işdir, Aradabir könlümün havasını dəyişdir, Hansısa bir işimi yarıt demirəm, sənə.
Hər bir yüküm siqlətim, hər bir sözüm, çəkimdi, Təyyarələr bilirlər, göyqurşağı səkimdi, Şəhərdə əlli yerdə qohumların həkimdi, Apar bircə yaramı sarıt, demirəm sənə..
Bir quzu ceyran kimi könlümdə otlamısan, Bütün duyğularımı özündə notlamısan, Yüz dəfə yandırmısan, min dəfə odlamısan, Mən yaxşı adamam ki, barıt demirəm sənə.
Published online
Source: https://ayazarabaci.com/writing/yorulanda-direksen-yeriyende-ayaqsan/