Poem · Azərbaycan
Yetmiş il qoruduq qırmızıları,
Yetmiş il qoruduq qırmızıları, "Ağ"ları qoruya bilmədik amma. Öyündük hər dəfə keçmişimizlə, Tarixdən bu günə yol alıb gələn, Bağları qoruya bilmədik amma.
Qorundu ocağı-közü laxlayan, Qorundu qeyrəti-sözü laxlayan, Qorundu sabahı borca saxlayan.. Torpağı-milləti uca saxlayan, Tağları qoruya bilmədik amma..
Açıb içimizin arını yedik, Məzlumun ahını-zarını yedik, Baldan doymayanda arını yedik, Bağbanı aldadıb barını yedik, Bağları qoruya bilmədik amma.
Ən yaxşı nifrəti-kini qoruduq, Şeytanı bəslədik,cini qoruduq, Araq içə-içə dini qoruduq, Tövləni qoruduq,hini qoruduq, Dağları qoruya bilmədik amma..
Qoruduq içiboş öyüdləri də, Qoruduq qurumuş söyüdləri də. Qoruduq yalançı allahları da, Qoruduq girdirmə seyidləri də. Qoruduq iylənmiş ölü canları- Qoruduq siyasi meyitləri də, Sağları qoruya bilmədik amma...
Published online
Source: https://ayazarabaci.com/writing/yetmis-il-qoruduq-qirmizilari/