Poem · Azərbaycan
Yalançılar elə durdu üzümə,
Yalançılar elə durdu üzümə, Həm dəlilim,həm sübutum qurudu. Xəyalımın yürüdüyü məkanda, Neçə milim,neçə futum qurudu..
Duyğulara qu tükündən balışdım, Şam ömrümü hər gecəyə alışdım, Axşam-sabah böyütməyə çalışdım, Su tökdükcə atributum qurudu..
Sökülməyə qoymadılar hey danı, Ömrü boyu xoşbəxt gördüm şeytanı, Genişləndi gədələrin meydanı.. Dədələrin əkdiyi tum qurudu.
Uca idi vüqarından dadırdıq.. Qış olanda qübarından dadırdıq.. Yaz gələndə nübarından dadırdıq, Həyətdəki qoca tutum qurudu..
Məndən gedən ha xoşbəxtdi,ha şaddı.. Hərə bir yol bostanıma daş atdı.. Həyat mənə nə istədi yaşatdı. Ayaqüstə matım-qutum qurudu..
Uğuldadı kəsik-kəsik hey fəza, Bir istək var,bir arzu var,bir cəza.. Bilinmədi keçirdiyim son qəza. Qara günlü qara qutum qurudu..
Published online
Source: https://ayazarabaci.com/writing/yalancilar-ele-durdu-uzume/