Poem · Azərbaycan
Yağmalanan çəməni,talanan bağı görmür,
Yağmalanan çəməni,talanan bağı görmür, Təpəsində qoz qıran adamı, yağı görmür, Gözünün qabağında gül kimi ağı görmür, Sinəsinə çəkilən o qədər dağı görmür, İt günündə yaşayır oğul-uşağı, görmür, Bu millət hara baxır..
Təqvimi baş-ayaqdı, gecə-gündüz işləmir.. Dinən mindən dəm vurur, heç harda yüz işləmir, Kraxmallı yerlərdə abırlı üz işləmir, Bircə tərəzisi də bazarda düz işləmir, Hər yanı duman basıb, baxdıqca göz işləmir, Bu millət hara baxır..
Daydaya öyrənibdir-köməyə, öyrənibdir, Ucuz qazanc gətirən əməyə öyrənibdir, , Bir əmməş quzu kimi məməyə öyrənibdir, Didib də bir-birini yeməyə öyrənibdir, Yeri gəldi-gəlmədi deməyə öyrənibdir, Bu millət hara baxır..
Bu oyunda qabaqlar neçə köhlən at olub, İndi yeddiyə düşüb, göylər min-min qat olub, Nə bu qədər al olub-nə bu qədər sat olub, Müalicə həkimi özü prostat olub, Yəni nə baş verib ki, hamı birdən mat olub, Bu millət hara baxır..
Tutaq ki, yazıb, tökdüm, axı nə mənası var.. Nə bir iş intizamı, nə əxlaq norması var, Nə kiminsə kimdənsə bir hesab sorması var, Hörmətin, ehtiramın əcaib forması var, Hərdən gic sualların başımı yorması var, Bu millət hara baxır..
Published online
Source: https://ayazarabaci.com/writing/yagmalanan-cemeni-talanan-bagi-gormur/