All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

yağış..

Ayaz Arabaçı

yağış..

ildırım əlindəki bıçaqla kəsdi göyün damarını. qırmızı məxmərə döndərdi səmanı. mürgü döyən buludları silkələdi, qocaman çinarları qol-bud elədi-kilkələdi.. sarı buynuzlu öküzlərin gözləri çıxdı hədəqəsindən. qurtuldum bir saatlıq da olsa içimdə fasiləsiz olaraq bağıran adamların səsindən. ildırımın vahiməsindən qaçıb hərə bir tərəfdə saxlandı.. qəm dəryasına batmış çiçəklər pardaxlandı. ildırım əlindəki bıçaqla kəsdi göyün damarını, evimizin üstündəki qaranlığı apardı. küçəmizin başından bir qız keçdi bəstəboy, qırmızı çətirli. bir papiros yandırdım sünbül ətirli.. doldu ciyərlərim təmiz havayla, günəşlə,sevgiylə,quşla-yuvayla. ildırım əlindəki bıçaqla doğrayıb-tökdü göyün damarını, limonad dadı verən yağışlar yağdı. sevindim, bildim ki,Allah hələ sağdı.

Published online