All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Xəritəmi büsbütün dolandı gəzdi keçdi,

Ayaz Arabaçı

Xəritəmi büsbütün dolandı gəzdi keçdi,Dedim bu da yəqin ki, nəsə bir həzzdi, keçdi,Tale məni doyunca qarada əzdi keçdi,İndi görən taleyim nə rəngnən sınaqdadır..

Tək özüm olsam nə var dərdi də şad çəkərəm,Nə belə haray salar,nə belə dad çəkərəm,Bapbalaca ölkədə o qədər ad çəkərəm,Ləyaqətnən, şərəfnən, çörəknən sınaqdadır.

Adam istər-istəməz vadar olur hər şeyə,Çarə tapılmadıqca gedib qurşanır meyə,Sabahı gözləyirik, görək nə olur deyə,Əli üzülən hamı "görək"nən sınaqdadır.

Qaşımıram alınmır, qaşıyıram qan çıxır,Canımızı almağa gündə yüz fərman çıxır,Haraya əl atıram ordan bir dərman çıxır,Bir oğul da beləcə ürəknən sınaqdadır..

Son hökmə, son qərara əldə zər qələm, hazır,Evdə bir mələk yazır, yolda bir mələk yazır,Sağda bir mələk yazır, solda bir mələk yazır,Kim mənim kimi dörd cür mələknən sınaqdadır

Məndə hansı işlərin kəm qalıb, kəsir qalıb,İlahi, aramızda nə naməlum sir qalıb,Ayaz beş- üç çaqqalın əlində əsir qalıb,Elə bilmə bəbirnən, pələngnən sınaqdadır..

Published online