All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

xatirələr hər dəfə,bir başqa cür olurlar..

Ayaz Arabaçı

xatirələr hər dəfə,bir başqa cür olurlar.. bəzən uşaq qalırlar-bəzən yaşa dolurlar.. kimdən ötrü açırlar,kimdən ötrü solurlar.. gözündəki çiçəklər- budaqlarından soruş..

demişdim ki,inanma,uşaq kimi hər vədə. hamı çevirə bilmir,ürəyini sərvətə. kimdən ötrü ağlayır,çəkiləndə xəlvətə. kimdən ötrü ağlayır- bulaqlarından soruş.

taleyində iki yol,biri bal,biri zəhər. zəlzələdə dağıldı,tikib-qurduğun şəhər.. kimin səsindən ötrü uçunur axşam-səhər, kimin səsindən ötrü- qulaqlarından soruş.

bir ox boyu fırlanır,"büyün"ün də,dünün də. bu nə ağır sükutdu,yoxa çıxıb ün-ündə. niyə gözün dörd olub,kim yoxdu ad günündə.. kimin yeri boş qalıb.. qonaqlarından soruş.

yadındamı demişdim,nə "bir" cütdü,nə "bir" tək.. cırmaqlayır köksünü,keçən günlər bəbirtək. niyə belə soyuqdu,niyə belə qəbirtək. niyə belə soyuqdu otaqlarından soruş..

hansı gözəl xəbərdən ruhun belə nazlanır.. kim yadına düşüb ki,gözün-könlün yazlanır. kimin adı dilinin ,ucunda pərvazlanır.. kimin ey,kimin adı, dodaqlarından soruş..

Published online