Poem · Azərbaycan
Üstümüzdə başdaşıtək durublar,
Üstümüzdə başdaşıtək durublar, Nə olsun ki,Vətən birdi-çörək bir.. Bəxtimizə cin düyünü vurublar. Bezdik axı bir fal açın,görək bir, Nə olacaq bu işlərin axırı...
Ər oğullar gələcəkmi haraya, O yaralı qopuz səsi nə deyir. Çox şərəfsiz zaman düşüb araya, Min illərin təcrübəsi nə deyir. Nə olacaq bu işlərin axırı..
Bir qurumuş ağac kimi qəm çəkib, Ömrü qışdan addada da bilmirik. Ürəyimiz barıt kimi nəm çəkib, İstəyəndə partdada da bilmirik. Nə olacaq bu işlərin axırı..
Yox,könlümə işıq düşməz yüz addan, Hamı şərə havadarlıq eləyir. Qəlbim elə inciyib ki,həyatdan, Yaşamağa ömür darlıq eləyir.. Nə olacaq bu işlərin axırı..
Candan olub cəmaəti-zümrəsi, Neyləyək ki,bu qan-qada sovuşsun. Kimdə varsa İlahinin nömrəsi, Kimdə varsa, zəng eləyib soruşsun.. Nə olacaq bu işlərin axırı..
Vaiz haqqa edam hökmü oxuyur, Qalmayacaq haqqı deyən bir nəfər, Hər tərəfdə bir üfunət qoxuyur, Ay İsmayıl,ay Ələddin,ay Səfər, Nə olacaq bu işlərin axırı..
Published online
Source: https://ayazarabaci.com/writing/ustumuzde-basdasitek-durublar/