Poem · Azərbaycan
Ürəyim qırılmış qanadlarından,
Ürəyim qırılmış qanadlarından, Durna lələyitək min-min ah salıb. Daha bundan artıq tale neyləsin, Bəxtimə dərd adlı kef-damaq salıb.
Nə mən şum yeriyəm,nə sən təzə dən. Bizi unutmuşdu ömür bəzədən.. Neynirsən qayıdıb bir də təzədən, Qara günlərimə ağ yamaq salıb..
Çox keçib bu qəlbi dağlamağından, Tel-tel açmağından-bağlamağından, Gördüm hönkür-hönkür ağlamağından, Sənin də gözünə yollar ağ salıb..
Köhnə bir şəkildə təzə baharsan!.. Bir də fürsət düşsə bir də yaxarsan, Könlün istəyəndə gəlib baxarsan, Həsrətin sinəmdə yaxşı bağ salıb.
Bu elmi ikimiz heçə bilmərik, Doğru cavabları seçə bilmərik, Neynəsək qayıdıb keçə bilmərik, İllər aramıza neçə dağ salıb.
O gecə çıxmadın qəmər yerinə, İlantək dolanım kəmər yerinə, Bir oğlan toyunda nəmər yerinə, İyirmi ildi ki,qaş-qabaq salıb..
Published online
Source: https://ayazarabaci.com/writing/ureyim-qirilmis-qanadlarindan/