All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Ürəyim gəmitək ləngərə gəlmir.

Ayaz Arabaçı

Ürəyim gəmitək ləngərə gəlmir. Buz tutub elə bil sinəmi,sal buz.. Daha baxışlarım zülməti dəlmir, Sönüb gözlərimdə nə qədər ulduz..

Dünən bir gəlindi o ağsac qadın, Qəddini bir günə əyibdi fələk.. Savaş da bilirmiş ağzının dadın, İgid oğulları əritdi tək-tək..

Dəli köhlənimi hayana sürüm, Dondu xatirələr qarda-qırovda.. Mən indi içimi harda hönkürüm, Aveydə,Kəpəzdə,yoxsa Murovda.?.

Son vaxtlar sağ qalmaq gəlir arıma- Ay ana,oğulun,yola çıx,gəlir.. Gecələr eləcə qulaqlarıma, Hər yerdən bir boğuq hıçqırıq gəlir..

Budur iki şəhid-oğul,həm ata, İçim başdan-başa qana boyanır.. Məndə yaşadığım murdar həyata, Bir də şüarlara nifrət oyanır..

Toplanıb dünyanın ağrısı-dərdi, Mənə gəlmək üçün qanad açırlar.. Hər yanım kədərli hekayələrdi, Daha göyərçinlər məndən qaçırlar..

İndi bu yanğıya,oda nə deyək, Nə desin yığışıb Tanrıya qullar.?.. Sizin haqqınızı nəynən ödəyək, Ay şəhid oğullar,ürək oğullar..

Yaramın üstündə ovuc-ovuc duz, Olmuşam içimdən-içimə sürgün, Siz cəmi bir dəfə haqqa qovuşduz.. Mənsə dirigözlü ölürəm hər gün..

Published online