All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Tələsmə gələndə ağır-ağır gəl,

Ayaz Arabaçı

Tələsmə gələndə ağır-ağır gəl, Nalədə, fəryadda gözləyəcəyəm. Bu eşqi hələ ki, cəbrə çevirib, Qalmısan "bir yadda", gözləyəcəyəm.

Sözləri muncuqtək ipə-sapa düz, Bu uzun həsrətin ürəyini üz, Çox şirin olmuşdu ilk görüşümüz, O tamda, o dadda gözləyəcəyəm.

Gözümdə sayrışan qövsi-qüzeh gəl, Güllərin ləbində dön suya, şeh gəl, Günəş gəl, yağış gəl, duman gəl,meh gəl, Mən səni hər adda gözləyəcəyəm.

Mənəm dağ vüqarlı, dağ adlı oğlan, Mənəm, bağ-bağçalı, bağatlı oğlan, Mənəm, istədiyin ağ atlı oğlan, Səni bir ağ atda gözləyəcəyəm.

İstidi, düş bir az sərinə nədi, Getmə o qədər də dərinə, nədi, Ay nədi, il nədi, qərinə nədi, Səni hər saatda gözləyəcəyəm.

Şəklini taparsan könlümü yarsan, Yaxşı ki, bu qədər naləmə karsan.. Öləndə tapacam o dünya varsa, Sağ ikən, həyatda gözləyəcəyəm.

Published online