Poem · Azərbaycan
Tanrım, bizi unutmusan elə bil,
Tanrım, bizi unutmusan elə bil, Heç olmasa bircə dəfə an dedim. İzzətinə-cəlalına söz gəlir, Zədələnir qoruduğun şan dedim.
Dərdim gəlməz nə çəkiyə, nə saya, Səbrim sığmır göndərdiyin kasaya, Düz otuz il sülhü çəkdim masaya, Tökülməsin torpağımda qan dedim.
Zəfər hissi qaynasa da qanımda, Yalqız idim, bir kəs yoxdu yanımda, İynə boyda ümid vardı canımda, Söküləcək əvvəl-axır dan, dedim.
Qürurumda yenilmədim şah idim, Bir özüməm, bir Allahdı şahidim, Hər biriniz canım idi şəhidim, Hamınıza yana-yana can dedim.
Kimi harda kim istəsə yıxardı, Həyat bizi nar əvəzi sıxardı, Qalsa idi, Yer, oxundan çıxardı, Yerdə qalmaz yox, bu qədər qan, dedim.
Published online
Source: https://ayazarabaci.com/writing/tanrim-bizi-unutmusan-ele-bil/