Poem · Azərbaycan
sözləri bir-birinə
sözləri bir-birinə calayıb tələsik mən, köhnə dayanacaqda tutmuşdum onu lafa.. o elə gülürdü ki,hər dəfə gülüşündən, qızılgül ləçəkləri səpilirdi ətrafa.
baxıb, sanki bəbirdən hürkmüş bir cüyürsayaq, nə söhbət münasibdi, nə bizə bu yer dedi. bəlkə biz bu mövzunu başqa vaxta saxlayaq, hayana qaçıram ki, bir az zaman ver dedi.
yox, sən keçən dəfə də, elə-belə demişdin, üstən iki ay keçib, dəqiq xatırlayıram. düzü sən bu anımda əlimə göydən düşdün, susub qaldı eləcə, gördü "qatıq"layıram..
çalışırdım eləyim bu iki qəlbi sintez, çatmağa tələsirdim mənzilə birbaş-kəsə. fikri bəlkə də tamam məndə deyildi, tez-tez, saatına baxırdı ürəyi əsə-əsə.
istədiyim mənzilə çatırdım asta-asta, tale tuş eləmişdi məni bu dadlı meyə. o getmək istəyirdi növbəti avtobusla, bəlkə də düşünürdü nə işdi düşdüm deyə.
ürəyim qayıq kimi yırğalanıb gedirdi, külək körükləyirdi içimdəki ocağı. o əlbəttə bür sürü bəhanələr edirdi, yaxşı, neyləməliydi, günün günorta çağı.
dedim ki, qəlbimizin xətrinə niyə dəyək, zəlzələ yaratmağa bir nəfər bəs eləmir. sabahı bilmək olmur, elə bu gün eləyək, bu çətin və mürəkkəb riyazi məsələni...
Published online
Source: https://ayazarabaci.com/writing/sozleri-bir-birine/