All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Söndürə bilmirəm buzlu sularla,

Ayaz Arabaçı

Söndürə bilmirəm buzlu sularla, Başımdan həsrətin buxarı qalxır. Şəhər cəhənnəmin qır qazanıdır, Təzyiqim durmadan yuxarı qalxır.

Təndirə çevrilən daşda-divarda, Açıb balıq kimi ağzını çatlar. Yığışıb qurumuş kolların altda, Quzutək mələşir ağcaqanadlar.

Çiçəklər,böcəklər yanıb-qovrulur, Günəşin amansız istiliyindən. Sinəmi bir acı öskürək tutub, Şəhəri bürüyən yanıq iyindən.

Bir ürək nə qədər üzülər axı, Bir yara nə qədər göynəyə bilər. Ayrılıq içində ocaq çatıbsa, Qar gələ,buz yağa,neynəyə bilər.

Həyət qapısından çölə çıxıram, Bəlkə bu istidə çöl sərin ola.. Bir vaxtlar soyuqdu deyib,keçdiyim, O soyuq-o bumbuz əllərin ola..

Cütləyib qoyasan sinəmin üstə, Nəfəs gətirəsən bir ovuc külə. Qəlbim qovuran ocağın üstə, Soyuq baxışından qırov tökülə.

Qapının ağzında bir it uzanıb, Üzündə yorğunluq,gözündə kədər. Həyat bir kərə də yanmadı mənə, Mənim bu köpəyə yandığım qədər.

Gözləri əl açıb yemək istəyir, Baxışı deyir ki,susuz ölürəm. Açıram-baxıram soyuducuda, Nə varsa bu itlə yarı bölürəm.

Məmnundu,razıdı davranışımdan, Şırmanır,yalmanır hey asta-asta. Kirli saçlarına sığal çəkirəm, Sərin su verirəm,balaca tasda..

Sən də çox sevərdin itləri bir vaxt, Niyə uzaq gedək,biri elə mən. Yəqin ki,bu it də tanıyıb gəlib, Məni, taleyimə hürüşlərimdən.

Sən də çox sevərdin itləri bir vaxt, Salıram yadıma qeyri-iradi. Gör məni haraya çəkib apardı, Adicə bir köpək..adicə,adi..

Meh kmi üzümü yalayır hərdən, Gözümün yaşını silir bu köpək. Bəlkə qaçıb gəlib sizin şəhərdən, Bəlkə səndən nəsə bilir bu köpək.

Bəlkə heç it deyil,göyərçindi bu, Bir mələk qanadlı poçt göyərçini. Gümanlar yol alıb bir yana çıxmır, Xəyallar durmadan sökür içimi.

Küçələr bələnir qəfil, ətrinə, Arzuya-ümidə qanad taxıram. Mən axı deyəsən sənin xətrinə, Bu itə özümdən yaxşı baxıram..

Tükləri durulub əməlli-başlı, Gözləri bir az da lacivərd olub. Qoyub gedəmmirəm məzuniyyətə, Bu it də bir yandan mənə dərd olub..

Published online