All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Şirinliyi yoxa çıxır get-gedə,

Ayaz Arabaçı

Şirinliyi yoxa çıxır get-gedə, Ömrün-günün tamı düşür gözümdən. Yaxın gəlmir pərvanəsi, bülbülü, Gülü düşür, şamı düşür gözümdən.

Boş buraxdım yaxasını postların, Durammadım qulluğunda dostların, Gümüş telli, qızıldişli tostların, Meyi düşür, camı düşür gözümdən..

Kimə gərək Keyqubadın marifi... Dəyişdikcə adamlığın tarifi, Bu dünyanın neçə-neçə arifi, Neçə-neçə xamı düşür gözümdən.

Ölüm kimi qarşıladım hər ayı, Yox eşidən içimdəki harayı... Sallabuxaq "Lom" dayının sarayı, Tom dayının damı düşür gözümdən.

Bəs deyirdin əvvəl-axır var işıq, Hansı üzlə imzalandı barışıq?.. Və xülasə, içi özüm qarışıq, Yavaş-yavaş hamı düşür gözümdən

Published online