Poem · Azərbaycan
Şir kimi öyməyin yalandan məni,
Şir kimi öyməyin yalandan məni, Dönmüşəm bir yoluq sərçəyə,daha. Bir tikə ağudan-zəhərdən ötrü, Min yol əyilirəm hər səyə,daha.
Puçdu axıtdığım alın tərim də, Dəyməz bir qəpiyə ilham pərim də, Gözəl duyğuları şeirlərimdə, Gətirə bilmirəm ərsəyə daha.
Nə ruhum gözəldi,nə nəğməm həzin, Gedin ayrı adda səadət gəzin, Çul kimi tapdayın,bit kimi əzin, Məni qaldırmayın kürsüyə daha.
Yoxdu köpüklənib o daşan şeir, Yoxdu gədik çıxıb,dağ aşan şeir, Öldü içimdəki savaşan şeir, Mərsiyə yazıram,mərsiyə,daha.
Sulanmış yarama sumaq vururam, Dərdə diş yerinə damaq ururam, Ağ sözə qaradan yamaq vururam, Dərziyə dönmüşəm,dəziyə,daha.
Sirrini-sehrini söz,qəti vermir, Görür ki,bu adam özgədi,vermir, Vernir o qabaqkı ləzzəti vermir, İndi ümid daha,fərziyə daha.
Elə köklədilər,elə çaldılar, Vurdular ən kövrək telə,çaldılar, Mənim də halvamı belə çaldılar, Tutarsız mənə də təziyə,daha..
Published online
Source: https://ayazarabaci.com/writing/sir-kimi-oymeyin-yalandan-meni/