Poem · Azərbaycan
Sildi bütün naxışları,
Sildi bütün naxışları, Gülüşləri,baxışları, Yudu payız yağışları, Ümidlər toz yığınıymış..
Elə ilk dərsdən əridi, Bir şirin səsdən əridi, Bircə nəfəsdən əridi, Əllərim buz yığınıymış.
Ürəyim sənə atlandı, Yarpaq-yarpaq qanadlandı, Dizlərim qəfil qatlandı, Məhəbbət duz yığınıymış.
Oldu bütün olacaqlar, Bulaq könlüm çətin çağlar.. Çatdığımız o ocaqlar, Bir ovuc köz yığınıymış.
Atmayaydım bu oxu kaş, Baxıb gülür dəydiyi daş.. Şəklin dodaq,burun və qaş, Bir də ki,göz yığınıymış.
Üzülməyə gərək yoxmuş, O səs yoxmuş,o rəng yoxmuş, Məktubunda ürək yoxmuş, Adicə söz yığınıymış.
Published online
Source: https://ayazarabaci.com/writing/sildi-butun-naxislari/