All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Sənin də atanı aldı əlindən,

Ayaz Arabaçı

Altı yaşlı şəhid oğluna..

Sənin də atanı aldı əlindən, Nə deyim amansız savaşa oğlum. Küsmüşəm az qala Tanrıdan-dindən, Axı qıyılmazdı bu yaşa,oğlum..

Cəmi-cümlətanı altı yaşın var. Hər doğman,hər yadın bu yükü çəkməz. Uçulub üstünə bir ağır divar, Balaca qanadın bu yükü çəkməz.

Aləmi su basıb göz yaşlarından, Könlümü yandıran bu ahın nədir, İçim çiliklənir baxışlarından, Sənin bu dünyada günahın nədir..

Nə deyim,nə yazım,ağırdı yasın, Bu dərdin sevincə yolları yoxdur. Səni qucağında necə oxşasın, Ata məzarının qolları yoxdur.

Canımda qalmayıb nə taqət,nə hal, Tanklar gəlib keçir üstümdən bala. Durub dayanmışam bir qıraqda lal, Göz-gözü görməyir tüstümdən bala.

Silirəm qurumur gözündəki nəm, Çürüdür ömrümü zirzəmi kimi. Dayana bilmirəm,batıb gedirəm, Fikir dəryasında bir gəmi kimi..

İçində ağlayır köhnə kirli dam, Kim deyir daş-divar xatirə bilmir.. Mağara yığılmış bu qədər adam, Atanı qaytarıb gətirə bilmir..

Dayanmır gözündə bir ovuc bulud, Çörək də yeməyib ac ağlayırsan. Bumu son təsəlli,bumu son umud, Kiçik dizlərini qucaqlayırsan.

Mənim ayaqüstə çatladı gorum, İlahi,sən özün təsəlli ver də!! Gözü yumulaydı ölümün görüm, İgid oğulları tapdığı yerdə.

Published online