Poem · Azərbaycan
Səndən də yan keçməyəcək
Səndən də yan keçməyəcək bu dünyanın ağrıları, Səndən də yan keçməyəcək oğlum, Həyat heç kimin əlindən tutmur yıxılanda. Özün görəcəksən, Toplamağa cəhd etdiyin şeylər çıxılanda. Görəcəksən,görəcəksən ki, həyat ağrıtmağa gələndə heç kimi unutmur. Və yıxılanda heç kimi tutmur. Bəzən suya düşəcəksən,bəzən alovlara girəcəksən. Çoxlu qiymətli şeylər itirəcəksən.. Bir də görəcəksən ki,artıq eşidə bilmirsən harayları, Bütün hayqırışlar boğulub qəlbində ucaltdığın səssiz divarlarda. Görəcəksən ki, Gülüşlərin arxasında gizlənmiş qəribə bir yorğunluq var, Sanki bütün kainat çiyinlərinə yüklənib.. Amma sən gülümsəyirsən hələ də. Unutma, Səndən də yan keçməyəcək bu dünyanın ağrıları oğlum.. Gecələr uzanacaq Vaxt bir cəllad kimi çəkəcək səni dar ağacına. Keçmişin səninlə danışmaq istəyəcək boşuna.. Sən artıq onun dilini unutmusan. Və birdən bir ağrı qaralayacaq səni.. Sevmədiklərin susacaq Sevdiklərin ən çox yaralayacaq səni. Onda yolların sonunda Heç vaxt gözləmədiyin bir adam dayanacaq Sən özünsən o tanımadığın, Amma hər gecə yuxularına girən o kölgə. Dünyanı dəyişə bilmədin deyə yox, Özünü dəyişə bilmədin deyə ağrılar azalmayacaq. Susma... Çünki susduqca unudacaqlar səni, Yadlaşacaq adın, silinəcək izlərin, Və bu dünyada unudulmaq ölməkdən də səssiz olacaq..
Published online
Source: https://ayazarabaci.com/writing/senden-de-yan-kecmeyecek/