Poem · Azərbaycan
Şəkər kimi məmləkətin göbəyində,
Şəkər kimi məmləkətin göbəyində, Zəhər-zəqqum dada-dada yaşayırıq.. Başımızı qoyun kimi yerə dikib, Ömrü-günü verib bada,yaşayırıq..
İçimzdə bir yanıqlı nəva qalıb, Yadımızda savaş qalıb,dava qalıb.. Başımızda bir günəşli hava qalıb, O havanı salıb yada yaşayırıq..
Nəbzimizdə həyat eşqi vura bilmir, Ürəyimiz ayaqüstə dura bilmir, Bizi kimsə bu günlərə qura bilmir, Ya keçmişdə, ya üqbada, yaşayırıq..
İt itdi ki,düşünür öz balasını.. Yaşamadıq heç bir günün əlasını, Allah versin bəlaçının bəlasını.. Neçə bəla,neçə qada yaşayırıq.
Arzuların, xəyalların yoxdu dadı, Əyri yolun nə təməli,nə bünyadı, Bəlkə bura elə həmin,o dünyadı, Bəlkə elə o dünyada yaşayırıq.
Guya millət,guya vətən dərdindəyik. Bilmirik ki,hansı zərin nərdindəyik.. Şeytan üçün hər məzhəbdə,hər dindəyik Məlum deyil hansı ada yaşayırıq.
Published online
Source: https://ayazarabaci.com/writing/seker-kimi-memleketin-gobeyinde/