All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Sadəcə üz qabığı

Ayaz Arabaçı

Sadəcə üz qabığı bir azca gözəl idi, Sən də buna aldanıb acı bir roman buldun. Gözün yumulmuşdumu bu boyda yer üzündə, Yaxşı adam tapmadın,mən adda yaman buldun.

Varmı elə bir gecə kipriyində yaş olmur.. Sənə kim demişdi ki,şair qəlbi daş olmur, Bütün parıltıların mənbəyi daş-qaş olmur, Gəldin sevinc bulasan,ah buldun,aman buldun.

Hansı qarlı günlərin içində yaz yoxuydu.. Hətta təbiətdə də o cür ecaz yoxuydu.. Olan-olub,deyim qoy,səndə də az yoxuydu.. Hər dəm inildətməyə,qəlbimi kaman buldun..

Daha yoxdu həvəsim heç bir ucalıqlara.. Nə qədər arzuladın bölündüm qalıqlara, Məni bu qara sevda yem etdi balıqlara, Sən yenə heç olmasa tutmağa saman buldun.

Aynada rəsmin durur, gözlərimdə səksənən.. Adamda canmı qalar hər axının əksinə, Ümidlər təzə-təzə doğrulurdu şəxsinə, Sən də ki,ehh..nə deyim,getməyə zaman buldun.

Published online