All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

ruhuma dad gətirmir,

Ayaz Arabaçı

ruhuma dad gətirmir, nə bir bəzək,nə bir süs.. canımda yox qətiyyən heç bir işə təşəbbüs.. səbəb də yox atmağa risk üçün addım belə, baxıram uzaqlara hey maddım-maddım belə.. asıb məni dörd divar quru boz yaxasınca, yürüməyə halım yox macəra arxasınca.. bir ömrün təndirində susuz, duzsuz, unsuzam.. hər cürə formullara hər cürə uyğunsuzam.. kimsə yerişlərimi məndən xəlvət geyinib, taleyimin dalınca nəyi varsa deyinib.. yox ey..cəhənnəm olsun yenidən axtarışlar, bu məqsədsiz savaşlar, bu məqsədsiz barışlar.. həyatı bir də başdan heca-heca oxumaq, bir də ,bir də əyirmək,bir də,bir də toxumaq.. nə atda bir günah var, nə qamçıda,nə nalda, yorulub oturmuşam naməlum bir finalda. azad ola bilmirəm ürəyimin suçundan, hamısı da öz axmaq-gic ağlımın ucundan...

Published online