All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Quruyubdu sinəmdə,

Ayaz Arabaçı

Quruyubdu sinəmdə, səsim,sözüm,avazım, Qarşımda boş kağızlar, yazım, axı nə yazım. Canımızda çürüyən min dərdi-azarımı, Gündən-günə od tutub alışan bazarımı.. Sözümü tacirəmi,dəllalamı tuşlayım, Ya bayağı sevgilər haqda boş-boş quşlayım. Çətindi,çox çətindi,söz adamdan iyrənir, Adam sözdən iyrənir.. Balıq başdan iylənir,balıq başdan iylənir.. Qələm üzə dirənib, daha yazmaq istəmir, Ürəyimin hökmünə qulaq asmaq istəmir. Yoxdu bu xarabada yaxşı sözə sevinən, Bir tikə çörək gəzir indi hamı evinə. Daha fikri dən kimi vərəqdə əkmək olmur. Sözü silah yerinə düşmənə çəkmək olmur. Söz özü baltalanıb,söz özü xaltalanıb. Söz mülkümüz talanıb.. Sözü əyib döndərib söz yiyəsi qozbelə. Toyuq başı da kəsmir,ən kəsərli söz belə. Ağladı hər dinəndə Qarabağ üstə dillər. Qolumuzu sallayıb oturduq neçə illər. Sağda şəhid qəbiri,solda şəhid qəbiri. Evdə şəhid qəbiri,yolda şəhid qəbiri. Allah kəssin dözümü, Allah kəssin səbiri. Papaqların yerində bir ovuc ləçəkmi var. Əgər bu gün yoxdusa,sabah gələcəkmi var. Hər naşının əlindən yaralarım duz yalar, Bitmir,heç cürə bitmir xəyallar-illüzyalar. Vaxt itirməyə dəyməz boşuna get-gəllərə, Rəvac verən bəllidi bu saysız əngəllərə. Vüqar saxlamalıyıq,əyilmiş qəddlər deyil, Bizə Vətən gərəkdir,yalançı vədlər deyil. Bəlkə də istəsəydik çoxdan çarə tapardıq Qarabağın dərdinə. Amma qulluq elədik altdan-altdan hər dinə. Yedi-bitirdi bizi bu yalançı bər-bəzək.. Günahı kimdə görək,günahı kimdə gəzək. Yüz dəfə sağ ol denən vətənə, sağ olurmu.. Ay ingilis,ay urus bu qədər ağ olurmu.. Quruyubdu sinəmdə səsim-sözüm-avazım.. Cəngi havası üstə ötür boşuna sazım.. Nə yazım qızım oğlum,nə yazım,oğlum-qızım.. Bitib tükənmir sızım...

Published online