Poem · Azərbaycan
qoluna döydürdüyü qız şəkli
qoluna döydürdüyü qız şəkli islanırdı yağışın altında. payızla görüşə gəlmişdi qoca. qız iyirmi yaşdan gülümsəyirdi. buludlar ürəyini açmışdı torpağa. qoca baharın çıxıb getdiyi yolların dalınca baxırdı. yağış damcıları qaranquşlar kimi səpələnirdi. açıq-saçıq geyimdəydi payız. sol qoluna döydürdüyü şəkilə səsləndi- xəstələnsən, həkimə aparacağam.. buludların əli bir-bir səmadan üzülürdü. qızın saçlarından su süzülürdü. şəkil elə bil ki, bu sözdən bir az böyüdü, bir az dikəldi. payızın gözlərinə işıq gəldi. qızın saçlarından süzülən yağış ətirləndi. boş küçə qəfildən adam-adam sətirləndi. qoca cırıq ayaqqabılarından çıxan barmaqlarına baxdı. sonra bir papiros yandırdı bir ah çəkdi. bu da bir xatirənin qürub vaxtı..
Published online
Source: https://ayazarabaci.com/writing/qoluna-doydurduyu-qiz-sekli/