All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Qızınıram üşüdükcə istinə.

Ayaz Arabaçı

Qızınıram üşüdükcə istinə. Sarılıram axşam-sabah büstünə, Nə bir adın toz götürüb üstünə, Nə bir sözdən-gapdan çıxıb gəlmisən..

Nə qaldı ki,bulud ömrə-su ömrə, Son uçuşsan, son nəğməsən qu ömrə.. Mən az qala unutduğum bu ömrə, Ürək adlı qabdan çıxıb gəlmisən..

Desəm bəlkə bir az tezdi-bir az gec.. Gözlərimdən ürəyimə- buyur keç, Bundan gözəl hədiyyəmi olar heç, Gözləmirdim, lapdan çıxıb gəlmisən..

Bir dumanda azan başın nə səri.. Birə mindi sözlərimin kəsəri, Kim yaradıb bu mükəmməl əsəri.. Hansı iynə, sapdan çıxıb gəlmisən..

Əlli yaşdan on səkkizə xitabsan, Əldən yerə qoyulmayan kitabsan, Oxuduqca doyulmayan kitabsan.. Lap indicə çapdan çıxıb gəlmisən..

Published online