All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Qışa kimi payız kəsir üstümü.

Ayaz Arabaçı

Qışa kimi payız kəsir üstümü. Yaza kimi qış anamı ağladır. Sinəm dönür şum yerinə taleyin, Neçə-neçə xış, anamı ağladır.

Xəyallarım brilyantdan bərqlidi, Nə olsun ki ruhum eynən şərqlidi, Məndə düstur çoxlarından fərqlidi, İç anamı, dış anamı ağladır.

Kəfənimi ütüləyib geyirəm, Qorxum yoxdu qurd ürəyi yeyirəm, Söz ki, gəlir məqamında deyirəm, Dil anamı, diş anamı ağladır.

Çox iyrəncdi, ballı-qozlu törənlər, Bay olmasın, altdan-üstən hörənlər, Dırnaq boyda sevincimi görənlər, Bir özümü, beş anamı ağladır.

Tanrıdımı bu xalçanı toxuyan, Hər çeşnisi müşki-ənbər qoxuyan, Gedib-gəlib pəncərəmdə oxuyan, Bir əl boyda quş anamı ağladır.

Çox üzülmə, satılmaram, ah, atam.. Gərək deyil damağıma baha tam, Ac-susuz da kayutumda rahatam, Sevmədiyim iş anamı ağladır.

Min arzu var ballandıqca ballanan, Başqa kim var mənim kimi allanan, Gecə - gündüz ürəyimdən sallanan, Qara, ağır daş anamı ağladır.

Kimə baxsam, könlü bərbad, bağrı qan.. Sevinc qandı, nəşə qandı, ağrı qan, Allahhaqı fikir məndə bir qram, Qoymayıbdı baş, anamı ağladır.

Kəcavəyəm qara yola düzülən, Qatarından üzüldükcə üzülən, Gözlərimdən saqqalıma süzülən, Qətrə-qətrə yaş, anamı ağladır...

Published online