All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Qəribə bir gün idi, o gün

Ayaz Arabaçı

Qəribə bir gün idi, o gün o payız günü.. Saralan zəmilərin üstündəki sərçələr toy-bayram içindəydi.. Çöllərin sükutunu pozurdu kərəntilər, atamgil biçindəydi.. Əslində o çölləri oyadan biçinçilər Fatihə oxuyurdu yayın cənazəsinə.. Solub getmiş çiçəklər Çoxdan yadırğamışdı arıların səsinə.. Açılırdı astaca payız köhnə qapıtək.. gözətçi Əli kişi düşmüşdü üzüquylu ömrü yollarda bitmiş cırıq ayaqqabıtək. Məqribdən-Məşriqəcən dəli göy gurultusu sayıqlayıb keçirdi. Bütün xatirələri sovururdu küləklər, Küçələr yarpaqları ayaqlayıb keçirdi. Göylərin sinəsini şırımlayıb vəl kimi Xiffətini çəkirdi durnalar uzaqların. Eşidirdim arabir futbol həyəcanını, bığ yeri təzə-təzə tərləyən uşaqların. Kəndin baş tərəfindən gülümsünüb enirdi Günəş qürub çağına. Qapılar asta-asta örtülürdü payızın yalançı sazağına.. Bir də bir it hürürdü hardasa lap uzaqda.. Lap elə adam kimi, acı taleyə-baxta.. Qəribə bir gün idi o gün, o payız günü..

Published online