All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Qarşıma uğursuz adamlar çıxıb,

Ayaz Arabaçı

Qarşıma uğursuz adamlar çıxıb, Yoluma tikanlı budaqlar düşüb. Göz yaşım o qədər şirinləşib ki, Gözümdən ən gözəl bulaqlar düşüb.

Gör harda qovrulur,bir gör,can harda, Boş yerə nur gəzmə hisli fanarda, Yasəmən,qızılgül qalıb kənarda, Çiçək yarışına alaqlar düşüb.

Axşam arzulayıb, səhər gözləyib, Çıxıb- getmədiyim səfər gözləyib, Bizi nə zaman ki,zəfər gözləyib, Həmişə qabağa çolaqlar düşüb.

Yoxdu-yox düşmənə öc andı yoxdu, Bu günə-sabaha bu candı,yoxdu.. Qələbə sorağı haçandı yoxdu, Xəbər gözləməkdən qulaqlar düşüb.

Nə qədər kaş olar,ağızlarda kaş.. Qəmlidi hər ağac,dərdlidi hər daş.. İndi at oynatmaq vaxtıdı qardaş, Hayıf bəxtimizə ulaqlar düşüb..

Sınarmı dərdlərin önündə heç ər.. Nə oğlum Nəbidi,nə qızım Həcər.. Sinəmə dağ çəkdi Şuşa,Kəlbəcər.. Mənim də bəxtimə bu dağlar düşüb.

Published online