All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Qarğa-quzğun baş alıbdır, hardasız,

Ayaz Arabaçı

Qarğa-quzğun baş alıbdır, hardasız, Tərlan tutan, tülək tutan adamlar.. Ağlamaz ki, bu millətin halına, Qeyrətini külək tutan adamlar..

Çayır kimi iki hərfdə çoxaldı, Gün-gün artdı, həftə-həftə çoxaldı, Sağda-solda, hər tərəfdə çoxaldı, Ömrümüzə çərək tutan adamlar.

Yavaş-yavaş oranqutan oldular, Yazıq vətən, dərddən, butan oldular, Niyə belə siçan tutan oldular, Niyə belə? pələng tutan adamlar..

Qəfil bir gün getdi küyə uduzdu, Durammadı haqqa yiyə uduzdu.. Bildinizmi kimə, niyə uduzdu, Pəncələşən, bilək tutan adamlar.

Neçə nökər gizlənibdi bəy adda, Keçənlərdən nə qalıbdı, nə yadda.. Arabaçı, azmı olub həyatda, Gözlərini çörək tutan adamlar.

Haqqa dönüb inadından yapışmaz, Zülmət görər, gün adından yapışmaz, Bir düz işin qanadından yapışmaz, Əyri işə dirək tutan adamlar..

Sınıq qoldan, bükük dizdən nə keçir? Bağlı qalmış yoldan, izdən, nə keçir.? Mən bilirəm fikrinizdən nə keçir.. Göyə baxıb dilək tutan adamlar..

Published online