All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

qar kimi əriyir içində inam,

Ayaz Arabaçı

qar kimi əriyir içində inam, yemir bu dünyanı gözlərin daha.. sənə nə xeyri var lənətə gəlmiş, köhnə,qarsalanmış sözlərin daha.. əbəsdi ağrını azaltmaq səyim, ovuda bilmirəm səni ürəyim..

öldümü əsnəkdən xam xəyalların, gördünmü olanlar zamansız olur. çıx ömrün cırılmış üz qabığından, ölüm də sevgitək amansız olur. mən sənin nəyinəm,sən mənim nəyim, ovuda bilmirəm səni ürəyim..

hər kəsin sözünü lüt-üryan görüb, qəzəbdən dişini-dişinə sıxdın. az qala dünyanı qoynuna almış, paslı minaların üstünə çıxdın. məcburam hər dəfə yarana dəyim, ovuda bilmirəm səni ürəyim.

çox sular bulandı,çox evlər uçdu ayaqlar altına atmadım səni. Tanrı deyildim ki,hər şeyim olsun, sata da bilərdim,satmadım səni. sadəcə haqqında gözəldi rəyim. ovuda bilmirəm səni ürəyim...

Published online