All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Qapımın arasından külək dolur içəri,

Ayaz Arabaçı

Qapımın arasından külək dolur içəri, Girib daldalanmağa bir künc-bucaq axtarır. Bezibdi yaşamaqdan bu da yəqin köçəri, Uzaq-uzaq yol gəlib isti qucaq axtarır.

Biləkləri yorulub, ayaqları əzilib, Ötərdi birnəfəsə ən dördnala atları.. Çöllərə lərzə salan nəriltisi kəsilib, Astaca xəfif-xəfif çırpınır qanadları.

Qoy çəksin cəfasını, yox, ona bu da azdı, Necə qan uddurubdu torpağa - daşa, bilmir. Qol-budaqlı çinarlar cəngindən qurtarmazdı, İndi uçuq çəpərin üstündən aşa bilmir.

Çəkinmə gəl deyirəm, öz evindi, gir isin, Qızınıb hala gəlir qıc olmuş ayaqları. İsti çay da verirəm, iç-iç açılsın səsin, Sabah da get yelləndir üçrəngli bayraqları.

Üzümə gülümsünüb, saçıma sığal çəkir, Ətəyini yellədir nazlı gəlin sayağı. Sonra da qumru kimi pərdə boyunca səkir, Yəqin düşərli olar, yuvamıza ayağı...

Published online