Poem · Azərbaycan
Qanlı döyüşlərdə olmuşam mən də,
Komissar D. N-nin xatirəsinə..
Qanlı döyüşlərdə olmuşam mən də, Yaxından görmüşəm müharibəni. Gecənin bağrından qopan güllələr, Axtarıb,axtarıb tapmayıb məni.
Min cürə ağrıya şahid olmuşam, Qollarım üstündə can verib dostum. Hər ölən əsgərlə şəhid olmuşam, Yaxına qoymayıb düşməni postum.
Səngərdə qalmışam, yorğun ac-susuz, Ancaq ümidimi itirməmişəm. Döyüş yollarımı əks elətdirən, Köhnə gündəliyi bitirməmişəm.
Cəbhə yoldaşlarım Mübariz, Səməd, Nəsimi, Süleyman, Orxan da olub. Taborda birtəhər baş girələyən, Hətta kölgəsindən qorxan da olub.
Yanımda yüz dəfə mərmi partlayıb, Sinəmdə bir xeyli qəlpə yeri var. Mənim hər səngərdə ürək qanımla, Daşlara yazdığım "Vətən" şeri var.
Yuyunub arınıb təzələnmişəm, Büllur bulaqların kövrək səsində. Nə qədər şərəfli səhifə durur, Ömür kitabımın səhifəsində.
Həyatım həmişə çox çətin olub, Heç kimdən mərhəmət dilənməmişəm. Əllərim salamat olsa da bəzən, Gözümün yaşını siləmməmişəm.
Yaxından görmüşəm müharibəni, Amma ki, özümü soxmuram gözə. Qanlı döyüşlərdə olmuşam mən də, Bu söz çox da adi gəlməsin sizə.
Published online
Source: https://ayazarabaci.com/writing/qanli-doyuslerde-olmusam-men-de/