Poem · Azərbaycan
Qalıb, necə var qalıb,
Qalıb, necə var qalıb,o şirin yaşantılar,Fidan-fidan körpələr, boyu 5-10 santılar..O sevdalı könüllər elə həmən-həməndi..Günü şəfəq-şəfəqdi,gülü çəmən-çəməndi..Sanki axıb getməyib bu qədər aylar, illər,Sanki heç böyüməyib o qılqanad tifillər..Ulduzlardan sayrışan alov qıvırcıqları,Böyüməyə can atan kişi qırıqcıqları.Hər ürəkdə min arzu, hər ürəkdə min istək,Göyərməyib talelər dərdin nəmində mistək.Dağılmayıb-uçmayıb qalxdığım o pillələr,Üç gündən bir atamdan yediyim o şillələr.Qoltuğumda bir kitab, qabağımda on quzu,Yaxamda Ulyanovun sarı saçlı ulduzu.Yerindədi birbəbir, rənglər, səslər,ətirlər.Yamacların döşündə əyri-üyrü sətirlər.Dolaylara saldığım çəhlim də, iz də durur,Saralmış şəkildəki yamaqlı diz də durur.Hansı birini sayım,qonşunun turş alçasıCibimdə gizlətdiyim sınıq güzgü parçası..Uzun avqust gününün axşam sərinliyində,Hər şeyi saxlayıbdır qəlbim dərinliyində.İllər bir qasırğatək sovrulsa da başımdan..Heç nə qeyb olmayıbdır korşalmış yaddaşımdan..Söykənib xəyalların gümüş sürahisinə,Dalıram o günlərə hey isinə-isinə.Ocağımı qalayıb, çadırımı qurmuşam,Balaca bir uşağın hüzurunda durmuşam.İçimdə bir saz dinir-üç sızılda, beş ağla-Bölüşürəm nə varsa o balaca uşaqla..Keçmiş alıb özümdən məni özəlləşdirir,O isə qolumdakı saatı əlləşdirir..Əlləşdirir doyulmaz uşaq marağı ilə,O nə istədiyini bu cür gətirir dilə..Başımızın üstündə yarı dilimlənmiş Ay,Uzaqlarda hardasa şəlaləni əmən çay..Söhbət alıb aparıb uzaqlara getmişik,Dərələrdə azmışıq, meşələrdə itmişik.
Published online
Source: https://ayazarabaci.com/writing/qalib-nece-var-qalib/