All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

pozdu qərib sükutu,

Ayaz Arabaçı

pozdu qərib sükutu, akustik gitaralar. karnaval gecəsində, təzələndi yaralar. sızıldadı içimdə, o illərdən bir səda. qəfil düşdük üz-üzə, ağ örtüklü masada. kilidləndi üzümdə, iynəli baxışların. yağırdı mart axşamı, çöldə qar, narın-narın. qaladım ürəyimin. sönmüş od-ocağını. heç birimiz bilmirdik, nələr olacağını. telefonu çıxardıb , yalandan bir göz atdın. nəsə tanış gəlirsiz.. mənə sarı söz atdın. bu basqıdan qurtulub, məcburdum rola girəm. hə..elə mən də sizi. kiməsə bənzədirəm. olanları düşünüb, keçənləri anırdıq. ikimiz də yalandan, yad kimi davranırdıq. sonra mən çölə çıxdım, sıxıldım bir anlığa. bir papiros yandırıb, üfürdüm qaranlığa. nəbzim çılğınlanırdı, içim ülgüclənirdi. göylər nəşələnmişdi, çöldə qar güclənirdi. gördüm sən də çıxmısan, "kısa bir sürə sonra". yalandan kəkələdin a..a..burdamısız a... hazırıydı uçmağa, qanada dönmüş qollar. yavaşca qayğılandım- qayıdaq soyuq olar. həyatın iliyinə, ilmə-ilmə qapıldıq. səs-küyün ortasında, səssiz filmə qapıldıq. iki qədəhdən sonra, ürəyim dəmə gəldi. səsin,gözün,nəfəsin, təkrar gündəmə gəldi..

Published online