Poem · Azərbaycan
Palaz-palaz
Palaz-palaz şüarların yanından keçirəm. Qabağıma qatmışam küləyi. Düşünürəm isidərmi küçədəki ac uşaqları, Bu ətli-budlu, iri yanbızlı şüarlar. Şüarlarla ləkələnib divarlar. Hörüklü kişilər keçir donqar burunlu Yosun siqaretlərin qoxusu bürüyüb şəhəri. Az çəkin bu zəhəri. inqilabçılara oxşayır süpürgəçilər, Əllərinə imkan düşsə hamını dənizə süpürəcəklər. Bu iyrənc kirli həyata birdəfəlik tüpürəcəklər. Papağını günə verən bir polis əsnəyir divar dibində. İri qıllı əllərini gizlədib zirzəmiyə oxşayan cibində. Palaz-palaz şüarların altından keçirəm. Qanlı bayraq kimidi əynimdəki pencək. Piyada keçidindən bir küçə iti keçir adam kimi. Səkilər marçamarç öpür yalın topuqlarını xanımların. Ucuz söyüşlərin ağzını açıb metronun qabağındakı sərxoş. Hər yerdə "poz-qazan" Adamlar bir-birinə girib lotoreya növbəsində. Uşaq, böyük .. dəstə-dəstə, bölük -bölük.
Published online
Source: https://ayazarabaci.com/writing/palaz-palaz/