Poem · Azərbaycan
oyadın məni bir az
oyadın məni bir az bu qanlı yuxulardan, oyadın məni bir az, bu qara-qorxulardan. anam, bacım, qardaşım, oğlum, qızım, oyadın, sızıldayır ürəyim, sızım-sızım, oyadın. deyin ki o ağlayan. hönkürən səs yuxudu. olanların hamısı, qorxulu pis yuxudu.. nə dəhşətli itkilər, nə qanlı qovğalar var.. səadətə aparan min rəng var, min çalar var. büküb göndərmir dövlət, igidləri boxçaya.. it kimi ulamayım baxıb ulduza-aya. dua etmir qəssaba, namaz üstə qoyunlar, oyandırın görüm ki, bitib bütün oyunlar. heç bir kasıb qapıya, şəhid tabutu gəlmir.. gəlmir, atam-qardaşım, o mənfur qutu gəlmir. əlimiz hər bir zaman gedib yetişir şaha. tamamən son qoyulub, dərdə, naləyə,aha- qalmır sevinclərimiz daha qursağımızda. çaqqal zad balalamır iqlim qurşağımızda. sözlərim boğazımda dərdə, qəhərə dönmür. yeyib-içdiyim hər gün təkrar zəhərə dönmür. qəfil ölə bilərəm, bu qanlı yuxularda, nə olursuz, oyadın, qoymayın məni darda. oyanım və görüm ki- hamıya fərq qoymadan, səxavət göstərirlər. vətənə layiqincə sədaqət göstərirlər. oyadın məni bir az bu qanlı yuxulardan, oyadın məni bir az bu qara-qorxulardan.
Published online
Source: https://ayazarabaci.com/writing/oyadin-meni-bir-az/