All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Otuz ildi uduzurdum oyunda,

Ayaz Arabaçı

Otuz ildi uduzurdum oyunda, Hörmətimi zər aparıb gedirdi. Ürəyimi qabağında qul kimi, Dərd aparıb, sər aparıb gedirdi.

Harda isə ləngimişdi ədalət, Əlimizdə qələbəyə ac, alət, Olanımı-qalanımı xəcalət, Bədənimi tər aparıb gedirdi.

Qurumuşdum ayağımdan beləcən, Sürünmüşdüm qarşı yatan eləcən, Düşmən mənim torpağımdan eləcə, Qucaq-qucaq zər aparıb gedirdi.

Əl çəkmirdi min məkrdən, qurmadan, Yedirdirdi paçasına xurmadan, Qızıl yallı atlarımı durmadan, Çulu cırıq xər aparıb gedirdi.

Həsrət idim Şuşa adlı afətə, Bölgülərdə it otaydı, at, ətə.. Ermənilər BMT-yə, ATƏT-ə, Çuval-çuval şər aparıb gedirdi.

Yorulmuşdu qolumdakı qüvvələr, Əyilmişdi içimdəki qüllələr, Üzü soyuq, içi odlu güllələr, Neçə igid-ər aparıb gedirdi..

Oğullarım qəfil döndü laçına, Dedi bəsdi gözünüzü açın, aa.. Bayrağımı Kəlbəcərə Laçına, Karvan-karvan nər aparıb gedirdi..

Published online